Gündəlik

Gəncədən gəlirəm, yüküm kədərdir...

2016-06-13


Səyyarənin rahat evini, bağını görmək xoş idi. Özü sağlam, şux, zarafatcıl, tələbkar idi. Doğmaları ilə birgə bizə şahlara layiq süfrə açdı. Sonra baş-başa qalıb ötən günlərin acılı-şirinli xatirələrinə daldıq. Nədən danışsaq da söhbət gəlibl vətən ağrısı, qürbət acısı çəkən qaçqınların yaşadıqları faciənin üstünə gəlib çıxırdı. Səyyarə qəhərlə yurd həsrətli bayatılar deyirdi… Yox, demirdi, o, bayatı püskürürdü. Sinəsinə qürbət dağı çəkilən, vətənindən didərgin düşdüyü üçün ürəyi qan ağlayan dostuma təsəlli verməkdə elə aciz idim ki!
Sonra Qənifəyə baş çəkdik. Bir zamanlar qələmi, savadı, vətəndaş mövqeyi ilə seçilən, indi xəstəlikdən əziyyət çəkən bu qələm dostumun varlığını cəmiyyətimizə çatdırmaq arzusu keçdi ürəyimdən. Bir vaxtlar hamının harayına çatan bu mehriban və xeyirxah insanın unudulmasını görmək acı idi. Yadıma düşdü ki, Azərbaycanda ahıl jurnalistlərə qayğı göstərən bir qurum var.
Eh, Gəncədə gözlərində qəm, sözlərində yurd həsrəti olmayan qaçqın görmədim. Qayıdanda uzaqdan görünən zirvələr yandırıb-yaxdı məni:
Bu dağlar, ulu dağlar,
Çeşməli, sulu dağlar,
Qoynundan eli köçmüş,
Göy kişnər, bulud ağlar.

 

Фото Sedaget Kerimova.


Sayt A2Studio tərəfindən yaradılıb