Дневник

Modern.az saytına müsahibə

2021-09-21


Son illər Azərbaycanda tamaşaçı marağına səbəb olan filmlərin sayı elə də çox deyil. Bəzən bunu ssenarilərin bayağı olması, kadr kasadlığı və maliyyə çatışmazlığı ilə izah edilər. Doğrudur, bu variantlar haradasa başadüşüləndir. Lakin, əksər hallarda görürük ki, insanların sevgisini qazanmaq üçün külli miqdarda puldan daha çox, real hekayələrin olduğu kimi təqdimatı yetərlidir.

Belə filmlərimizdən biri də “Soyuq Günəş”dir.  Əsl sevgi hekayəsindən bəhs olunan film qısa zamanda tamaşaçılar tərəfindən sevildi və hələ də insanlar arasında müzakirə mövzusu olaraq qalır.

Filmin baş qəhrəmanları Yarqunat və Yarmətdir. Onların sevgi hekayəsi “Soyuq Günəş”i izləyənlərə duyğulu anlar yaşadır. Film müharibə problemləri və məhəbbət mövzusunda lentə alınıb və qısa vaxt ərzində “Youtube” kanalında 3 milyondan çox baxış sayı toplayıb.

“Soyuq Günəş”in ssenari müəllifi Sədaqət Kərimova Modern.az-a müsahibəsində filmlə bağlı tamaşaçıları maraqlandıran bir çox sualları cavablandırıb.

Sədaqət xanım, necə oldu ki, “Soyuq Günəş” filmini çəkməyi qərara aldınız? Film necə ərsəyə gəldi?

- “Soyuq günəş” dramını 1998-ci ildə qələmə almışam. İlk arzum onun Azəbaycan və ya Dağıstanın hər hansı bir şəhər və ya əyalət teatrında səhnəyə qoyulması olub. Bu arzumu illər boyu reallaşdıra bilməmişəm. Ona görə də son 7 ildə daim əsəri ekranlaşdırmaq haqqında fikirləşmişəm. Nəhayət, bu arzumu həyata keçirmək üçün özüm hərəkət etməli olduğumu anladım və fəaliyyətə keçdim. Filmi ekranlaşdırmaq üçün tək ssenari müəllifi və bəstəkar olmaq kifayət etmirdi, prodüser olmaq da tələb olunurdu.

- Bildiyimiz kimi, Yarqunat və Yarmətin sevgi hekayəsi gerçək həyatda baş verib. Siz özünüz bu hekayənin canlı şahidi olmusunuz?

- Mən jurnalist taleyimdə onlarla yarqunatlarla rastlaşmışam. Başdan-başa sədaqət, etibar, namus, ləyaqət rəmzi olan fədakar qadınların taleyi ilə çox üzləşmişəm. Həm Böyük Vətən, həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibələrinin qurbanları olan belə qadınların həyat hekayələri məni iliklərimə qədər sarsıdıb. Mənim “Soyuq günəş”im real hadisələr əsasında qələmə alınıb, barələrində söhbət gedən insanlar  isə çoxdan bu dünyanı tərk ediblər. Amma bir yazıçı kimi mənim əsas məqsədim ümumiyyətlə böyük məhəbbətə, insan sədaqətinə və vəfasına, qadın şərəfinə bir abidə ucaltmaq olub.

- Filmə demək olar ki, bütün Azərbaycan baxıb. İnsanların filmə reaksiyası necədir? Bu qədər izləniləcəyini düşünürdünüz?

- Filmə tək Azərbaycan tamaşaçıları baxmayıb, bütün Qafqazda izlənib və bu gün də izlənir. Filmi Rusiya Federasiyasında, Türkiyədə, Avropa və Asiya ölkələrində, ABŞ-da seyr edirlər. Bu da təbiidir. Maddiyyatın mənəvi dəyərləri sürətlə sıxışdırdığı qloballaşan dünyamızda təmiz insani hisslər, zəngin mənəvi aləm, saf məhəbbət kimi duyğulardan bəhs edən bəşəri mövzulara ehtiyac var. Hissləri qabalaşan, duyğuları korlanan, öz qəlbinə boylanmağa, bəzən də taleyi haqqında düşünməyə belə fürsət tapmayan müasir insan bəzən ürəyini boşaltmağa, uşaq kimi ağlamağa ehtiyac duyur. Belə bir dövrdə biz insanların ürəklərinin incə tellərinə, zərif mizrablarına toxuna bildik. Onlara təsəlli olmağa çalışdıq. Bilsəniz, həyatda nə qədər qırılmış talelər var. O cür insanlara biz onların həyatda tək olmadıqlarını xatırlatdıq. Həm də bu insanları inandırmağa çalışdıq ki, həyatda əsl məhəbbətdən güclü və ali hiss yoxdur.

- Çəkiliş zamanı hansı problemlə üzləşdiniz?

- Hər bir yaradıcı işdə, fəaliyyət sahəsində problemlər olur. Biz də həmin problemləri filmin quruluşçu rejissoru Elşən Zeynallı və bütün yaradıcı heyətlə bir yerdə əl-ələ verib aradan qaldırdıq.

- Filmin ərsəyə gəlməsi üçün nə qədər xərciniz çıxdı? Film bu qədər izlənildikdən sonra müəyyən qədər qazanc əldə etdinizmi?

- Xərcim kifayət qədər çıxıb. Əksinə, hələ də xərclər davam edir. Filmin rus dilində dublyajı, ingilis dilinə tərcüməsi... Bu yaxınlarda onu ingilis dilində subtitrlərlə paylaşmaq fikrimiz var. Təəssüf ki, tamaşaçılarımız bizə dayaq olmadılar. Filmə tamaşa edən, ondan razılıq edən milyonlarla insan kanala abunə yazılmağın kanal sahibi üçün nə qədər vacib olduğu barədə düşünmür. Bu qədər baxışın müqabilində mənim kanlımın abunəçilərinin sayı 70 min nəfərdən bir qədər çoxdur. Cəmi 30 min insan filmə tamaşa etdikdən sonra kanala abunə olub. Yetimə can deyən çox olur, çörək verən az.

- Demək olar ki, bütün aktyorlar rollarını layiqincə oynayıblar. Aktyorları özünüz seçmişdiniz?

- Filmin bütün aktyorlarından tutmuş kütləvi səhnələrin iştirakçılarına qədər hamısı quruluşçu rejissorun rəhbərliyi və mənim iştirakımla kastinq yolu ilə seçiliblər.

- Günümüzdə bəlkə də bu cür həyat hekayələri çoxdur. Bu hekayəni övladlarına yaşadan valideynlərə nə demək istərdiniz?

- Valideynlərin övladlarına böyük sevgisi və onlara xoşbəxtlik arzusu bəzən onlara reallığı görməyə mane olur. Ürək, qəlb məsələlərində övladlarla valideynlərin milli adət-ənənələrin təsiri altında bir-birinə güzəştə getmələri bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. Ona görə də bu son dərəcə həssas məsələdə diqqətcil olmaq vacibdir.

Mənim fikrimcə, hər bir ailənin ən möhkəm  dirəyi saf məhəbbətdir. Valideynlər bunu unutmamalı, övladlar isə öz xoşbəxtlikləri uğrunda mübarizə aparmağı bacarmalıdırlar.

Humay İsgəndərova

https://m.modern.az/az/news/308386/soyuq-gunesin-muellifi-yarqunatin-heyat-hekayesi-meni-iliyime-qeder-sarsidib-musahibe


Сайт сделан в A2Studio