Блог

Dünya evimiz


Artıq neçə aydır ki, dünya evimizdə sahman, rahatlıq pozulub. İnsanlar iynənin ucu boyda bir virusun yer üzünə gətirdiyi bəlalarla üz-üzə qalıblar. Dünyanın elə bir nöqtəsi yoxdur ki, koronavirus oraya ayaq açmasın. Onun yayılmaması üçün ölkələr öz sərhədlərini bağlayıb, amma virus meqapolislərdən tutmuş kiçik kəndlərə kimi hər yana yol tapıb. Sanki insanlara anladır ki, eviniz – dünyadır. Onun bir tərəfində bədbəxtlik varsa, o biri tərəfində xoşbəxtlik ola bilməz.

Uzun, darıxdırıcı, bezdirici karantin günləri, həftələri, ayları bizə məlum həqiqəti bir daha anlatdı. İnsan ancaq öz kiçik, qapalı  dünyasında xoşbəxt ola bilməz. Səadət üçün ailə, qohum-əqraba, bir neçə dost kifayət etmir. Boşalmış küçələr, səs-səmirsiz günlər bizə ülfətin, geniş ünsiyyətin insan üçün nə qədər vacib olduğunu bir daha xatırlatdı. Təcrid olunmaq mənəvi kasıblığa, insanı dəyərlərin itməsinə rəvac verir. İnsan yalnız cəmiyyətdə, yaxın, uzaq fərdlərin arasında özünü reallaşdıra bilər. Uca hasarlar arxasında, daş evlərin divarları arasında min cür naz-nemət içində olanlar da cəmiyyətsiz dünya həzzini duya bilməzlər. Deməli dünya hamımızın, hər kəsin varlığı, sevinci, arzuları ilə gözəldir.

Bu karantin günlərində hər birimiz ülfət, mehribanlıq, xoş  münasibətlər, maraqlı söhbətlər  üçün çox darıxmışıq. Görüşdüyümüz, hal-əhval tutduğumuz hər insan bizə doğma görünür. Karantin hamımızı bərabərləşdirib. Covid-19 vəzifə, yaş, var-dövlət fərqlərini tanımır. O, sanki  hər birimizi ayrı-ayrılıqda silkələyir, dünya qarşısında borclarımızı yadımıza salır. Nədən ibarətdir bu borclar?

Covid-19 dünyaya, Yer kürəsinə, bəşəriyyətə xəbərdarlıqdır. Təbiət etdikləri nadanlıqlara görə insanları cəzalandırmaq qərarına gəlib. Əslındə bu pandemiya təbiətlə insafsızcasına, qəddarlıqla davranmağımızın nəticəsidir. Biz ondan həmişə almışıq, əvəzində isə heç nə qaytarmamışıq. Meşələri qırıb talamaq, gölləri qurudub yerində istirahət məkanları yaratmaq, çayların məcrasını dəyişmək olıqarxlar üçün həyat normasına çevrilib. Covid-19 - insan nəfsinin, onun varlanmaq hərisliyinin nəticəsidir. Varlanmaq naminə təbiətə qarşı amansızlıqlar edən, onu tamahkarlıqla talayan  bu insanlar əvəzində təbiətə nə verirlər? İstehsalat tullantıları, çirkli sular, eroziyaya uğramış on minlərlə hektar sahələr. Yeri, göyü nə qədər çirkləndirmək olar?

Bu çirk mənəviyyatımıza da yayılıb. İnsanların əksəriyyəti üçün təmizlik məfhumu öz evinin içinin səliqəsinə nail olmaqdan ibarətdir. Halbuki evinin ətrafında, yaşadığı kənddə, qəsəbədə də təmizlik, yaşıllıq, gözəllik yaratmaq bəşər övladının borcudur. Heyf ki, milyonlarla insan bu adi həqiqəti dərk etmək istəmir.

Bu çətin sınaq dövründə öz-özümüzə sual verməliyik: Dünyamızı qorumaq üçün  nə etməliyik? Heç olmasa suyu qənaətlə işlədirikmi? Su kranlarını bağlamağın vacibliyini özümüzə təlqin etmişikmi? Zibili eyvandan küçəyə, səkiyə atmağın nadanlıq olduğunu ailə üzvlərimizə anladırıqmı? Təbiət qoynunda dincələndən sonra tullantılarımızı yığmağın vacibliyini anlayırıqmı? Ömrümüz boyu heç olmasa bircə ağac, bircə kol əkmişikmi? Əslində çox bəsit və gülünc görünən məişət məsələlərinin böyüyüb qlobal problemlərə çevrildiyini hər birimiz əyani görür və onun ağrısını çəkirik.

Bu pandemiya bizə daha bir şeyi anlatdı: dünyada heç nə əbədi deyil və öz-özünə yaranmır. Qırılan meşə, quruyan göl yalnız möcüzə nəticəsində bərpa oluna bilər. Onların məhvi isə ekoloji fəlakətlərin bünövrəsini qoyur. Koronavirus insanlara ciddi mesajdır. O, hər kəsin qapısını döyə bilər. Ona görə də təbiət və cəmiyyət qarşısında borclarımızı ödəmək yolunda ilk addımlar atmalıyıq. Dönüb ətrafımıza nəzər salaq. Hər gün, hər yerdə nə qədər haqsızlıqlarla üzləşirik. Parklarımızda 50-100 illik ağaclar susuzluqdan quruyur. Bakıda elə bağlar var ki, illərlə sulanmır. Bu işə cavabdeh onlarca insan susuzluqdan məhv etdikləri ağaclara görə dövlətdən əmək haqqı alır. Biz bunu görməzliyə vurub keçirik. Şəhərimızın əksər xiyabanları, yol kənarlarındakı otlar 35-40 dərəcə istidə, gündüz vaxtı sulanır. Çoxmərtəbəli evlərin susuzluqdan əziyyət çəkən sakinləri şırhaşırla axan suya baxıb köks ötürürlər. Çalışdığımız müəssisələrdə bəzən günlərlə su kranlarının açıq qalmasının şahidi olmamışıqmı? Çoxlarının onların yanından etinasızlıqla keçib getdiyini görəndə, bu etinasızlığa, məndən ötsün, qonşuma dəysin psixologiyasına öyrəşəndə dünyamızın halına niyə yanmamışıq?

Bəlkə hələ gec deyil? Bəlkə hərə özündən başlasın? Bir quruyan ağacı sulayaq! Bir bulağı təmir edək! Bir gül əkək! Bir yolu təmizləyək!


Сайт сделан в A2Studio