Блог

Bir daha əxlaq polisi haqqında


  Milli Məclisə növbəti məktub

  Rusiyada futbol üzrə dünya çempionatı keçirilən bu günlərdə Feys­bukun yayımladığı kadrlar bü­­tün izləyiciləri heyrətləndirdi: yapon fut­bol azarkeşləri öz komandalarının ko­lum­biyalılar üzərində qələbəsindən sonra könüllü şəkildə stadionda təmizlik iş­lə­ri görürdülər. Bir sıra ölkələrdə futbol fa­natlarının oyundan sonra qarışıqlıq, xa­os törətdikləri bir vaxtda yaponlar öz mə­dəniyyətləri ilə hər kəsi mat qoydular.

     Həmin kadrlara tamaşa edərkən göz­lərim önündə Bakının mərkəzində, Milli Elmlər Akademiyasının parkında hər gün səhər tezdən üzləşdiyim bir mənzərə canlandı. Hər skamyanın qarşısında tum qalaqları, boşaldılmış su və şirə şüşələri, kağız tullantıları, ərzaq qalıqları... 

     Hər axşam buraya gələn insanlar – yaşlılar, cavanlar, uşaqlar sanki natəmiz­lik yaratmaq yarışına çıxırlar. Haqqında söhbət gedən bağda aramsız olaraq tum çırtlayanlar, skamyaların yanında zibil qabı qoyulmasına baxmayaraq, tör-töküntünü yerə atanlar, iri gövdəli ağac­ların və kolların arxasını ayaqyoluna çevirənlər o qədərdir ki, saymaqla qurtarmaz. İş-işayət, kimsə bu adamlara irad tutsa, onu elə borclu çıxararlar ki, gəl görəsən.

     Bu yaxınlarda İngiltərədən gəlmiş bir jurnalist tanışımla həmin parkda rast­laşdım. O, gördüyü mənzərədən sar­sıl­mış­dı,  mən isə utandığımdan deməyə söz  tapmırdım. Növbəti günü səhər tezdən həmin jurnalistin bağda skamyaların qar­şısındakı zibil qalaqlarını xidmətçilərin necə yığışdırdığını kamerası ilə çəkdiyini görəndə xəcalət hissi məni üzdü.

     Təəssüf ki, son illər evlərin eyvanlarından, maşınların pəncərələrindən yerə zibil tullanması, hara gəldi tüpürcək atılması, yol kənarlarına, binaların qabağına zibil dolu bağlamalar qoyulması adi hala çevrilib. İstirahət yerlərində, hətta iş yerlərində hər gün natəmizlik halları ilə rastlaşırıq. Belə xoşagəlməz mənzərələrlə üzləşən mədəni və vicdanlı insanları bir sual narahat edir: Paytaxtımızda bu hallara nəzarət edən qurum niyə yoxdur? Onu yaratmaq olmazmı? Axı dünyanın bir çox yerlərində bu sahədə zəngin təcrübə var.

     Ətraf mühiti çirkləndiriənlərə qar­şı inkişaf etmiş ölkələrdə həm inzibati, həm də hüquqi cəzalar tətbiq olunur. Avropada bu sahədə ən sərt qanunvericilik Almaniyaya məxsusdur. Belə qanunlar ölkənin Cinayət Məcəlləsinin 29-cu bölməsində “Ətraf mühitə qarşı cinayətlər” adı altında qeyd olunmuşdur. 

     Həmin bölmədə  su hövzələrinin, tor­­­pağın, havanın çirkləndirilməsinə yö­nəl­­miş qanun pozuntuları za­ma­nı tətbiq olunan cəzalar sadalanır. Dü­şünülmüş şəkildə bu cür qanun pozuntularına yol verənləri 5 ildən 10 ilə kimi, ehtiyatsızlıq üzündən qanunu pozanları isə 3 il həbs cəzası gözləyir.

     Sinqapuru cərimələr ölkəsi adlan­dırırlar. Burada zibil atanları qəribə cəza gözləyir – onlar küçələrdə xidmətçi işləməyə məcbur edilirlər. Yerə siqaret  kötüyü atanlar  500 sinqapur dolları (təxminən 390 manat) həcmində cərimə olunurlar. Nəzərdə tutulmamış yerlərdə siqaret çəkənlər min dollar cərimə ödəməlidirlər.

     Bu ölkədə saqqız çeynəmək qadağandır. Bunun üstündə tutulanlar 538 manatlarından keçməlidirlər. Ötən əsrin 60-cı illərində ölkənin baş naziri Li Kuan Yunun tətbiq etdiyi  ciddi “zibil əleyhi­nə” qanunlar bu günə kimi işləyir.

     Amerikanın Kalqari şəhəri də dün­ya­nın təmiz şəhərlərindən sayılır. Burada ye­rə atılmış papiros kötüyünə, maşının pən­­cərəsindən tullanmış zibilə görə min dollar həcmində cərimə tətbiqi şə­hərin təmizliyinə gətirib çıxarmışdır. 

     Amerikanın Corcia ştatında pəncə­rədən çölə tüpürənlər bir neçə yüz dollar həcmində cərimə ödəməlidirlər.

     Avstriyada keçən ildən etibarən ictimai yerdə boş şüşə qoymağa görə 90 avro cərimə tətbiq olunur. Ev heyvanlarını gəzintiyə çıxaranlar onların tullantılarını yığışdırmasalar, cərimə ödəməli olacaqlar. Belə misalları çox gətirmək olar.

     Dəfələrlə yazdığım, dönə-dönə dediyim təklifi bir daha Milli Məclisin depu­tatlarına xatırlatmaq istəyirəm: Res­pub­likamızda əxlaq polisi adlı qurum yaratmağın vaxtı çoxdan çatıb. Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən, ölkə büdcəsinə xeyir gətirən bu cür qurum olmasa, nadanlar şəhərimizin imicini pozmaqda davam edəcəklər. 

     Bəzi insanların dünyagörüşünü yalnız gözəl, yaraşıqlı parklar salıb onların ixtiyarına verməklə dəyişmək mümkün de­yil. Təmizliyə riayət etmək qanuniləşdirilməsə, onu pozanlar cəzalandırıl­masa, bu sahədə cərimələr tətbiq olun­masa, nəyəsə nail olmaq mümkün ol­ma­yacaq. Bütün vicdanlı insanların ürə­yindən olan bu məsələ ilə bağlı qanun qəbul olunmalıdır. Milli Məclis öz qəti sözünü deməlidir!


Сайт сделан в A2Studio