Bioqrafiya

   

    Sədaqət Qayınbəy qızı Kərimova 1953-cü ilin martın 30-da Qusar rayonunun Qalacıq kəndində anadan olmuşdur. 1969-cu ildə Qusar şəhər 1 saylı orta məktəbini bitirmişdir. O, hələ məktəb illərindən respublikanın bir sıra qəzet və jurnallarında şeir, hekayə və məqalələrlə çıxış etməyə başlamışdır. X sinifdə oxuyarkən “Azərbaycan gəncləri” qəzetinin respublika məktəbliləri arasında keçirdiyi “Anam, doğma Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin qalibi olmuşdur.

     1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan S.Kərimova tələbəlik illərinin ilk günlərindən “Azərbaycan gəncləri” qəzetinin ştatdankənar müxbiri kimi respublikamızın ən böyük tirajla nəşr olunan bu mətbu orqanında maraqlı məqalə və oçerklərlə çıxış etməyə başlamışdır. Hələ tələbə ikən əxlaq mövzusunda yazdığı silsilə məqalələri onu respublikada istedadlı jurnalist kimi tanıtmışdır.

      S.Kərimovanın mənəviyyat məsələlərinə həsr olunmuş oçerkləri respublikada böyük əks-səda doğurmuşdur. Azərbaycan mətbuatı səhifələrində o vaxta kimi qadağan olunmuş mövzulardan sayılan atılmış uşaqlar və valideynlər problemi sistem halında ilk dəfə Sədaqət Kərimova tərəfindən qaldırılmışdır. Jurnalistin uşaq evləri və qocalar evlərindən hazırladığı siısilə yazılar ictimai fikrin formalaşdırılmasına təsir göstərmiş, respublikanın əlaqədar təşkilatları tərəfindən bir sıra tədbirlərin görülməsinə, bu sahədə müsbət dəyişikliklərin baş verməsinə şərait yaratmışdır.

Peşəkarlıq səyiyyəsi və zəhmətkeşliyi nəzərə alınaraq Sədaqət Kərimova hələ universitetin beşinci kursunda oxuyarkən istisna kimi o dövrün aparıcı mətbu orqanlarından olan, Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzetinə müxbir vəzifəsinə işə götürülmüşdür. Həmin qəzetdə o, 17 il fasiləsiz çalışmışdır.

     1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin orqanı olan “Həyat” qəzeti nəşrə başlayanda S.Kərimova oraya işə dəvət olunmuş, məktublar, ictimai rəy və zona müxbirləri şöbəsinə müdir təyin olunmuşdur. 1992-ci ildə həmin “Həyat” qəzetinin adı dəyişdirilərək “Azərbaycan” olanda o, mədəniyyət şöbəsinin müdiri olmuş, 1994-cü ilə kimi həmin vəzifədə çalışmışdır.

     1994-1995-ci illərdə o, Azərbaycan və rus dillərində işıq üzü görən beynəlxalq “Günay” qəzetinin baş redaktorunin müavini kimi fəaliyyət göstərmişdir. 1996-cı ildə “Kirpi” satira jurnalının müxbiri olmuşdur.

      S.Kərimova 1997-ci ildən üç dildə çıxan “Samur” qəzetinin baş redaktorudur. Peşəkar jurnalist kimi öz dəst-xətti ilə tanınan Sədaqət Kərimova Azərbaycan, rus və ləzgi dillərində çap olunmuş 8 minə yaxın məqalə, oçerk, korrespondensiya, zarisovka, esse və felyetonların müəllifidir.

     Jurnalistika sahəsindəki uğurlarına görə o, hələ Sovet dövründə -1984-cü ildə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” və 1991-ci ildə Həsənbəy Zərdabi adına mükafatlarına layiq görülmüşdür. S.Kərimova həmçinin Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının Məhsəti Gəncəvi adına və Xan qızı Natəvan adına mükafatları, Helsinki Vətəndaş Assambleyası AMK-nin “Sülh” mükafatı ilə təltif olunmuşdur.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə S.Kərimovaya “AzərbaycanRespublikasının əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir.2009-cu ildə o, Dağıstan Respublikasının “Şarvili” mükafatına layiq görülmüşdür. 2012-ci ildə  yazıçı-jurnalist kimi yorulmaz fəaliyyətinə görə S.Kərimova Dağıstan Respublikası Hökumətinin “Fəxri Fərmanı”  ilə təltif olunmuşdur

Hələ uşaqlıqdan bədii yaradıcılıqla məşğul olan Sədaqət Kərimova indiyə kimi nəşr olunmuş 16 nəzm və nəsr kitabının müəllifidir. Hələ orta məktəbin 7-ci sinfindən etibarən onun şeir və hekayələri “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Qızıl Qusar” və başqa qəzetlərdə, respublikada nəşr olunan bir sıra jurnallarda və ədəbi almanaxlarda çap olunmuşdur.

     Sədaqət Kərimovanın “Səssiz haray” adlı povest və hekayələrdən ibarət ilk kitabı 1989-cu ildə “Yazıçı” nəşriyyatında 15 min nüsxə tirajla işıq üzü görmüş və müəllifinə böyük uğur gətirmişdir. İki il sonra işıq üzü görmüş “Bir yaz gecəsi” adlı ikinci nəsr kitabı da oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. “Qərib quşun nəğməsi” müəllifin azərbaycanca çapdan çıxmış ilk şeirlər kitabıdır. Bəstəkarlar həmin kitabdakı 10-dan çox mətnə mahnı bəstələmişlər. Təkcə bəstəkar Sevinc Məmmədqızı S.Kərimovanın 20-dən çox şerinə mahnı yazmış, onlardan bir neçəsi xüsusilə şöhrət tapmışdır.

     Azərbaycan və ləzgi dillərində yazıb-yaradan Sədaqət Kərimovanın ləzgi dilində ilk kitabı 1995-ci ildə “Azərbaycan” nəşriyyatında işıq üzü görmüş “Ləzginka çal, qardaşım” adlı şeirlər kitabıdır. Bu kitab şairə ləzgi oxucularının böyük məhəbbətini qazandırmış, Dağıstanın və Azərbaycanın ləzgi yazarları tərəfindən yüksək qiymətləndirilmişdir. İki il sonra onun ləzgi dilində “Köklənsin dünyamız “Ləzginka” üstə” adlı şeir və poemalardan ibarət ikinci kitabı nəşr olunmuşdur.

      S.Kərimovanın “Hal” (1993) romanı Azərbaycan ədəbi mühitində əlamətdar hadisə kimi qeyd olunmuş, bu əsər haqqında mətbuat səhifələrində onlarca resenziyalar çap olunmuşdur.

     Yazıçıya şöhrət gətirən kitablar arasında “Qürub” (2000) adlı povest və romanlar toplusu xüsusi yer tutur. Həmin kitabnəşr olunandan sonra respublikanın müxtəlif mətbuat orqanlarında  54 resenziya çap olunmuşdur.

     Ləzgi dilində povest və hekayələrdən ibarət “Soyuq günəş”, şeirlərdən ibarət “Daha bir bahar” (2003), uşaqlar üçün yazılmış “Cünəş cülür” adlı kitabları ilə oxucularının görüşünə gələn qələm sahibinin bir neçə povest və romanı, eləcə də şeirlər kitabı rus dilinə tərcümə olunaraq çapdan çıxmışdır.

     2003-cü ildə Sədaqət Kərimovanın yaradıcılığının mədəni-maarif müəssisələrində təbliği məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası “Sədaqət Kərimova - 50” adlı metodik vəsaitnəşr etdirmişdir. Onun tərtibçisi Nobel İnformasiya Mərkəzinin sədri, filologiya elmləri namizədi Bəybala Ələsgərovdur.Həmin il görkəmli yazıçı-jurnalist Müzəffər Məlikməmmədov S.Kərimova haqqında “Sədaqət” adlı sənədli-publisistik kitabnəşr etdirmiş, kitabda yazıçının həyat və yaradıcılığını ətraflı təhlil etmişdir.

     Görkəmli rəssamlar Mahmud Çələbov və Hafiz Nəsiroğlu sənətkarın portretlərini yaratmışlar.

      Sədaqət Kərimova bəstəkar kimi də tanınır. Onun sözləri və musiqisi özünə məxsus olan 100-dən çoxmahnısı ayrı-ayrı müğənnilər tərəfindən ifa olunur.O, 1976-cı ildə yaratdığı və bu günə kimi  rəhbərlik etdiyi “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblının 5 musiqili albomunu buraxmışdır. Həmin aldomlara daxil olan 89 musiqi nömrəsindən 63-ü sözləri və musiqisi S.Kərimovaya məxsus olanlardır. Onun rəhbərliyi ilə 40-a yaxın ləzgi xalq melodiyası yenidən işlənmiş və ya bərpa olunmuş, 26-sı isə lentə alınmışdır.

 

     Sədaqət Kərimova həmçinin ssenari müəllifi və rejissoru olduğu, 2004 və 2008-ci illərdə yaratdığı iki musiqili-sənədli filmin müəllifidir. Ləzgi xalqının mədəniyyətinə və etnoqrafiyasına həsr olunmuş  hər biri iki saatlıq filmləri müəllifin musiqisi müşayiət edir, kadrarxası sözləri də özü səsləndirir. Bu müəllif filmləri ləzgi dilində həmin formatda və üslubda yaradılmış ilk filmlər kimi tarixə düşmüş, bu günə kimi internetdə ən çox izlənən və ən yüksək reytingə malik filmlər kimi tamaşaçı rəğbəti qazanmışdır.

     2011-сi ildə müəllifin 10 il üzərində çalışdığı “Qusar, qusarlilar” ensiklopedik toplusu  işıq üzü görmüşdür. Həmin kitab bu vaxta kimi respublikamızda və onun hüdudlarından kənarda nəşr olunmuş, ayrıca bir rayona həsr edilmiş ensiklopedik kitablardan bir sıra məziyyətləri ilə seçilir. Müəllifin tarixçi, dilçi, jurnalist, tərcüməçi, fotoqraf kimi tədqiqatları maraqlıdır. Vahid süjet xətti ilə birləşən fəsillər informativ xarakteri ilə səciyyələnsə də onlarda oçerk janrının xüsusiyyətlərindən də geniş istifadə olunmuşdur. Rəsmi və bədii üslubu peşəkarlıqla birləşdirmiş müəllif maraqlı və yaddaqalan bir kitab ərsəyə gətirmişdir. Burada mövzuların maraqlı formada nəzərə çarpdırılması, yığcam şəkildə oxuculara təqdim olunması diqqətçəkir. İki dildə qələmə alınmış kitab ləzgi-azərbaycan və azərbaycan-ləzgi dilləri sahəsində çalışan peşəkarlar üçün əsl tapıntıdır. Müəllif hər iki dilin imkanlarından  sənətkarlıqla istifadə edərəkmaraqlı bir əsər yarada bilmişdir.

     2012-ci ildə S.Kərimovanin Mahaçqalada ləzgi dilində “Dil haqqında ballada” adlı seçilmiş şeirlərdən və poemalardan ibarət kitabı işiq üzü görmüşdür. Mahaçqala şəhərindəki R.Həmzətov adına Mərkəzi Kitabxanada kitabın təntənəli təqdimatı olmuşdur.

  2013-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında müəllifin 60 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Yubiley ərəfəsində Azərbaycan Respublikasının Nobel İnformasiya Mərkəzi tərəfindən “Sədaqət Kərimovanın həyat və yaradıcılığı” adlı biblioqrafik vəsait çap olunmuşdur.

    Həmin il  Azərbaycanın ayrı-ayrı nəşriyyatlarında S.Kərimovanın  üç kitabı - povest və romanlardan ibarət  azərbaycan dilində "Ağ qəm",  rus dilində "Ayi yağişi", ləzgi dilində “İtən gündəlik” adlı kitabları çapdan çıxmışdır.

    2015-ci ildə Sədaqət Kərimova və Müzəffər Məlikməmmədovun tərtib etdikləri “Ləzgicə-azərbaycanca lüğət” işıq üzü görmüşdür.

    Həmin il  Azərbaycan Milli Kitabxanası Sədaqət Kərimovanın həyat və yaradıcılığını əks etdirən geniş biblioqrafik kitab hazırlayıb çapdan çıxarmışdır. 

   2016-cı ildə Sədaqət Kərimovanın “Suvar” kitabı çapdan çıxmışdır. Kitab müəllifin yaratdığı və bədii rəhbəri olduğu “Suvar” Ləzgi Mahnı və Rəqs ansamblının 20 illik yubileyinə həsr olunmuşdur.

 


Sayt A2Studio tərəfindən yaradılıb