"Samur" gəzeti

2012-ci ilin yanvarında Azərbaycanın ləzgi dilində nəşr olunan yeganə respublika qəzeti «Samur»un 20 yaşı tamam oldu. Ötən iyirmi ildə redaksiyanın kollektivi nə qədər çətinliklərlə üzləşsə də, hətta maliyyə çatışmazlığı üzündən qəzetin bağlanması təhlükəsi yaransa da, hər bir ləzginin milli qürur nişanəsi olan Samur çayının adından götürülmüş qəzet öz adını - «Samur»u qoruyub saxlaya bilib. «Samur»un ilk redaktoru  jurnalist Feyruz Bədəlov olub. Onun redaktor olduğu 8  ay ərzində qəzetin 24 sayi işiq üzü gördü.  Bundan sonra incəsənət elmləri doktoru Nurəddin Həbibov qəzetin redaktoru təyin olundu. Onun redaktorluğu dövründə qəzet fasilələrlə çıxdi və sayi 21 oldu. O

1997-ci ildə yazıçı-jurnalist Sədaqət Kərimova «Samur»un baş redaktoru təyin olundu. O,  «Samur»u yenidən dirçəltməyi qərara aldı. Tanınmış qələm sahibi Müzəffər Məlikməmmədov redaktor müavini kimi fəaliyyətə başladı. Amma «Samur»u dirçəltmək, yenidən oxuculara sevdirmək o qədər də asan deyildi. Hər şeyi sıfırdan başlamaq lazım gəlirdi. Əksər insanlar qəzetin yenidən fəaliyyət göstərə biləcəyinə inanmırdılar. Çətinlikləri aradan qaldırmaq, işləri qaydaya salmaq üçün ilk növbədə üç dildə - ləzgi, Azərbaycan və rus dillərində çıxan qəzetdə oxucuları maraqlandıran məqalələr dərc etmək lazım idi. Oxucular cəlb etmək, abunə aparmaq tələb olunurdu. «Samur»un nəşrindən ötrü pul vəsaiti də tapılmalı idi. Onu Azərbaycanda, Dağıstanda, bir sözlə, bütün dünyada yaşayan ləzgilərin qəzetinə çevirmək lazım gəlirdi. İlk növbədə «Samur» Azərbaycanın respublika qəzetləri sırasında layiqli yer tutmalı idi. Hakimiyyət orqanlarının, xarici ölkələrin səfirliklərinin belə bir qəzetin çıxmasından xəbəri olmalı idi. Qəzet ləzgi xalqının tarixindən, mədəniyyətindən, dilindən, adət-ənənələrindən, problemlərindən elə təsirli yazmalı idi ki, oxucuları cəlb edə bilsin. Üç dildə maraqlı məqalələrin dərc olunması oxucuların da istəyi idi. Bir sözlə, qəzeti oxunaqlı etməyin, sevdirməyin, şöhrətləndirməyin yolları çox idi və kollektivdən onlardan faydalanmaq tələb olunurdu.

Beləliklə, yaradıcı kollektiv yeniləşmiş «Samur» qəzetini buraxmaq üçün konkret proqram hazırlayıb həyata keçirməyə başladı. Onun zəhməti hədər getmədi. 1999-cü ildə qəzetin abunəçilərinin sayı 500 nəfər artdı. Qəzetdə ləzgicə 50, azərbaycanca 40, rusca 20 rubrika açıldı. Həmin rubrikalar altında elə maraqlı materiallar dərc olundu ki, «Samur» əldən-ələ gəzdi. Redaksiyanın apardığı ictimai rəy sorğusu nəticəsində ləzgicə və azərbaycanca açılmış «Bura doğma vətəndir», «Samur»un qonaqları», «Kəndlərimiz», «Samur»un lüğəti, «Samur»un məktəbi, «Bilirsinizmi?», «Nadir məqalələr», «1918-ci il Quba faciəsi», «Bizim məşhurlar», «Samur»un lətifələri», «Yeni ləzgilər», «Qusar, qusarlılar», «Ləzgi dili haqqında söhbətlər», «Gəlimli-gedimli dünya», «Adamlar və talelər», «Redaktor sözü», «Ağsaqqallarımız, şöhrət tacımız», «Məşhur ləzgilər haqqında bilmədiklərimiz», «Ləzgilər dünyanın hər yerində» rubrikaları altında dərc edilən məqalələrin oxucular tərəfindən maraqla qarşılandığı məlum oldu. Bunu oxucular öz məktublarında da bildirdilər və həmin il redaksiyaya 1164 məktub daxil oldu. Məktubların əksəriyyəti Azərbaycanın 23, Dağıstanın 14 rayon və şəhərindən göndərilmişdi. Rusiyanın ayrı-ayrı vilayətlərindən, xarici ölkələrdən redaksiyaya ünvanlanmış məktublar da az deyildi.

2000-ci ildə«Samur»un 100-cü sayı işıq üzü görməli idi. Ona görə də redaksiya yaradıcılıqla və qəzetin yayılması ilə bağlı müsabiqə elan etdi. Həmin müsabiqədə 1300-dək oxucu iştirak etdi. Başqa tədbirlər də həyata keçirildi. Redaksiyanın kollektivi və yüzlərlə oxucu «Samur»un 100-cüsayının çapdan çıxmasını Bakının R.Behbudov adına Mahnı Teatrında təntənə ilə qeyd etdi. Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov həmin tədbirdə çıxış edərək, qəzetin fəaliyyətinə yüksək qiymət verdi. Dağıstan Respublikasının milli məsələlər, informasiya və xarici ölkələrlə əlaqələr naziri Maqomedsalih Qusayev qəzeti təbrik etdi. Azərbaycanın və Dağıstanın 10-dan çox hökumət orqanının rəhbərləri, məşhur alimlər və jurnalistlər, 40-a yaxın mətbu orqanının redaktorları, 11 xarici ölkədəyaşayan oxucularımız redaksiyaya təbrik məktubları və teleqramları göndərdilər. Azərbaycanın və Dağıstanın 30-dan çox qəzet və jurnalı, 6 telekanal «Samur»un səmərəli fəaliyyəti ilə bağlı məqalələr və xəbərlər verdi.

«Samur» qəzetinin baş redaktoru Sədaqət Kərimovanın iştirakı ilə 2000-ci ildə Mahaçqalada Dağıstan Respublikasının rəsmi dövlət qəzeti olan «Ləzgi qəzeti» redaksiyasında keçirilmiş «Dəyirmi masa»da həmin mətbu orqanının baş redaktoru Ağariza Saidov demişdi: «Azərbaycan və Dağıstan xalqları arasındakı dostluğu möhkəmləndirən, ləzgi xalqının taleyüklü məsələlərindən, mədəniyyətindən, güzəranından, tarixindən çox qiymətli məqalələr dərc edən «Samur» özünün xalqın tərbiyəçisi, köməkçisi və dayağı olduğunu sübut etdi. Digər tərəfdən, o, bizim dilimizin qorunması və inkişaf etdirilməsi sahəsində əsl nümunə göstərir. «Ləzgi qəzeti»nin kollektivi «Samur»la fəxr edir. Biz peşəkarlığı «Samur»un jurnalistlərindən öyrənirik. Onlar çox nəfis və məzmunlu qəzet buraxırlar».

2001-ci il Azərbaycanın bütün kütləvi informasiya vasitələri üçün ağır il oldu. 250-dən çox qəzet və jurnal maddi çətinliklər üzündən bağlandı. «Samur» bu çətinliyə dəyanətlə tab gətirdi. Oxucular ayda iki dəfə qəzet aldılar. Həmin il onlardan redaksiyamıza 1247 məktub daxil oldu. Bu, qəzetin oxucular arasındakı nüfuzundan xəbər verirdi.

2005-ci ildə «Samur»un abunəçiləri daha 400 nəfər artdı. Qəzet 2400 nüsxə tirajla çap olundu. Beləcə «Samur» getdikcə daha çox şöhrətləndi və tədricən dünya ləzgilərinin qəzetinə çevrildi. Hazırda qəzet Dağıstanda, Rusiyada, Estoniyada, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Ukraynada, Türkiyədə, Almaniyada, ABŞ-da, Belorusiyada, İsveçrədə, bir sözlə, 23 xarici ölkədə oxunur.

Ötən illər ərzində qəzet tariximizin indiyədək qaranlıq qalan neçə-neçə səhifələrini, yüzlərlə qəhrəmanları, şairləri, alimləri və digər məşhur insanları üzə çıxarıb. O, həm də təşkilatçı rolunu oynayır. Xarici ölkələrdə yaşayan ləzgi diasporları ilə əlaqələr yaradır, onlar haqqında məqalələr və oçerklər dərc edir. Qəzet ümumdünya ləzgiləri gününü araya gətirməyin təşəbbüsçüsüdür. O, azsaylı xalqların hüquqlarının qorunması ilə bağlı mühüm beynəlxalq sənədləri dərc edərək, oxuculara çatdırır. Məşhur ləzgi alimi, filologiya elmləri doktoru, akademik Əhmədulla Gülməhəmmədovun qeyd etdiyi kimi, ötən 20 il ərzində minlərlə oxucusu olan «Samur» xalqın düşünən beyninə, danışan dilinə çevrilib.

«Samur» yarandığı gündən gənc yazarlarla iş aparır. 1997-2007-ci illərdə 68 gənc müəllifin əsərləri ilk dəfə olaraq «Samur» qəzetində işıq üzü görüb. Artıq həmin yazarlardan bir neçəsinin ayrıca kitabları çap olunub. 2000-ci ildə redaksiya öz hesabına gənc şairlərin əsərlərindən ibarət «Yaxşı yol!» adlı şeirlər kitabını oxuculara çatdırdı. Qəzetin baş redaktoru Sədaqət Kərimovanın təşkil etdiyi ləzgi dili kurslarında onlarca gənc ana dilində yazıb-oxumağı öyrəndi.

Qəzet daim ana dilinin qorunması və inkişaf etdirilməsi uğrunda mübarizə aparır. Bu, onun başlıca fəaliyyət istiqamətlərindən biridir. İndiyədək qəzetin səhifələrində çoxdan unudulmuş 2000-dən çox qədim ləzgi sözləri çap olunaraq, xalqa çatdırılıb. «Samur»un səhifələrində yüzlərlə yeni sözlər həyata vəsiqə alıb. Hazırda dilçilər, peşəkarlar, yazarlar həmin sözlərdən həvəslə istifadə edirlər. «Samur» orta məktəblərdə ləzgi dili və ədəbiyyatı dərslərinin tədrisinin yaxşılaşdırılması, yeni dərsliklərin nəşr olunması ilə əlaqədar müvafiq idarələrlə məktublaşır, əlaqə saxlayır.

Bütün bu uğurlarla yanaşı, «Samur» ötən illərdəki kimi, yenə də bir sıra çətinliklərlə üz-üzə qalıb. 1997-ci ildən etibarən qəzetə hökumət tərəfindən maliyyə yardımı göstərilmir. Bəzi kiçik ianələr qəzet nəşri ilə bağlı böyük problemləri həll etməyə qadir deyildir. Sponsorlar isə «Samur»a yaxın düşmür. Çap xərclərinin və icarə haqqının artması ilə əlaqədar olaraq artıq üç ildir ki, qəzet ayda bir dəfə nəşr olunur.

Bütün bunlara baxmayaraq, redaksiya 2012-ci ilin martin 18-də Ü.Hacibəyov adina Baki Musiqi Akademiyasinin böyük zalinda qəzetin 20 illik yubileyini təntənə ilə qeyd etdi.  Geniş ictimaiyyətin nümayəndələrinin işirak etdiyi tədbir yüksək səviyyədə, mütəşəkkil keçdi.


Sayt A2Studio tərəfindən yaradılıb