Gündəlik
Böyük alim anıldı
2018-06-12
2017-сi ilin oktyabrın 21-də Qusar rayonu ziyalılarının və elm adamlarının təşəbbüsü, rayon icra hakimiyyətinin təşkilatçılığı və bir sıra iş adamlarının dəstəyi ilə görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor Kərim Abdulxaliq oğlu Kərimovun 100 illik yubileyi keçirilmişdir. Tədbir alimin doğma kəndi Hildə, onun adını daşıyan orta məktəbdə təntənəli şəkildə qeyd olunmuşdur.
Hil kəndində keçirilən təntənəli yığıncaqda rayon ictimaiyyətinin nümayəndələri, Hil kəndinin ziyalıları ilə yanaşı, Bakıdan gəlmiş görkəmli ziyalılar, elm xadimləri, Kərim müəllimin həmkarları və yetirmələri iştirak etmişlər. Tədbiri Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev açmışdır. “Bu gün biz haqlı olaraq Qusarla fəxr edə bilərik. Çünki Qusar nəinki Azərbaycanda, hətta bütün dünyada alimlər yurdu kimi ad qazanıb. Hələ orta əsrlərdə bu bölgədən çıxan alimlər ərəb ölkələrində, Türkiyədə və İranda tanınmışlar. Son illər qusarlı alimlərin sorağı Amerikadan, Fransadan, İngiltərədən, İspaniyadan, Yaponiyadan, Çindən və başqa ölkələrdən gəlir. Təkcə son 50 il ərzində Qusardan 150-dən çox elmlər doktoru və 500-ə yaxın elmlər namizədi çıxmışdır. 20-dən çox alim dünyanın ayrı-ayrı elmlər akademiyalarının üzvləridir,” – deyən natiq elin bayramına çevrilmiş Kərim Kərimovun 100 illik yubileyi münasibətilə hamını təbrik etmiş, yubilyarın elmi fəaliyyəti, qazandığı böyük elmı uğurlar haqqında məlumat vermişdir.
Texnika elmləri doktoru, əməkdar elm xadimi Kamal Abdullayev, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Kamil Aydazadə, Milli Məclisin deputatı Azər Badamov, fizika-riyaziyyat elmləri doktoru Əkbər Əliyev, “Samur” qəzetinin redaktoru, yazıçı-jurnalist Sədaqət Kərimova və başqaları çıxış edərək böyük alımın Azərbaycan və dünya elminə verdiyi töhfələr, onun insani keyfiyyətləri haqqında danışmışlar.