Блог
Bir daha əxlaq polisi haqqında
Milli Məclisə növbəti məktub
Rusiyada futbol üzrə dünya çempionatı keçirilən bu günlərdə Feysbukun yayımladığı kadrlar bütün izləyiciləri heyrətləndirdi: yapon futbol azarkeşləri öz komandalarının kolumbiyalılar üzərində qələbəsindən sonra könüllü şəkildə stadionda təmizlik işləri görürdülər. Bir sıra ölkələrdə futbol fanatlarının oyundan sonra qarışıqlıq, xaos törətdikləri bir vaxtda yaponlar öz mədəniyyətləri ilə hər kəsi mat qoydular.
Həmin kadrlara tamaşa edərkən gözlərim önündə Bakının mərkəzində, Milli Elmlər Akademiyasının parkında hər gün səhər tezdən üzləşdiyim bir mənzərə canlandı. Hər skamyanın qarşısında tum qalaqları, boşaldılmış su və şirə şüşələri, kağız tullantıları, ərzaq qalıqları...
Hər axşam buraya gələn insanlar – yaşlılar, cavanlar, uşaqlar sanki natəmizlik yaratmaq yarışına çıxırlar. Haqqında söhbət gedən bağda aramsız olaraq tum çırtlayanlar, skamyaların yanında zibil qabı qoyulmasına baxmayaraq, tör-töküntünü yerə atanlar, iri gövdəli ağacların və kolların arxasını ayaqyoluna çevirənlər o qədərdir ki, saymaqla qurtarmaz. İş-işayət, kimsə bu adamlara irad tutsa, onu elə borclu çıxararlar ki, gəl görəsən.
Bu yaxınlarda İngiltərədən gəlmiş bir jurnalist tanışımla həmin parkda rastlaşdım. O, gördüyü mənzərədən sarsılmışdı, mən isə utandığımdan deməyə söz tapmırdım. Növbəti günü səhər tezdən həmin jurnalistin bağda skamyaların qarşısındakı zibil qalaqlarını xidmətçilərin necə yığışdırdığını kamerası ilə çəkdiyini görəndə xəcalət hissi məni üzdü.
Təəssüf ki, son illər evlərin eyvanlarından, maşınların pəncərələrindən yerə zibil tullanması, hara gəldi tüpürcək atılması, yol kənarlarına, binaların qabağına zibil dolu bağlamalar qoyulması adi hala çevrilib. İstirahət yerlərində, hətta iş yerlərində hər gün natəmizlik halları ilə rastlaşırıq. Belə xoşagəlməz mənzərələrlə üzləşən mədəni və vicdanlı insanları bir sual narahat edir: Paytaxtımızda bu hallara nəzarət edən qurum niyə yoxdur? Onu yaratmaq olmazmı? Axı dünyanın bir çox yerlərində bu sahədə zəngin təcrübə var.
Ətraf mühiti çirkləndiriənlərə qarşı inkişaf etmiş ölkələrdə həm inzibati, həm də hüquqi cəzalar tətbiq olunur. Avropada bu sahədə ən sərt qanunvericilik Almaniyaya məxsusdur. Belə qanunlar ölkənin Cinayət Məcəlləsinin 29-cu bölməsində “Ətraf mühitə qarşı cinayətlər” adı altında qeyd olunmuşdur.
Həmin bölmədə su hövzələrinin, torpağın, havanın çirkləndirilməsinə yönəlmiş qanun pozuntuları zamanı tətbiq olunan cəzalar sadalanır. Düşünülmüş şəkildə bu cür qanun pozuntularına yol verənləri 5 ildən 10 ilə kimi, ehtiyatsızlıq üzündən qanunu pozanları isə 3 il həbs cəzası gözləyir.
Sinqapuru cərimələr ölkəsi adlandırırlar. Burada zibil atanları qəribə cəza gözləyir – onlar küçələrdə xidmətçi işləməyə məcbur edilirlər. Yerə siqaret kötüyü atanlar 500 sinqapur dolları (təxminən 390 manat) həcmində cərimə olunurlar. Nəzərdə tutulmamış yerlərdə siqaret çəkənlər min dollar cərimə ödəməlidirlər.
Bu ölkədə saqqız çeynəmək qadağandır. Bunun üstündə tutulanlar 538 manatlarından keçməlidirlər. Ötən əsrin 60-cı illərində ölkənin baş naziri Li Kuan Yunun tətbiq etdiyi ciddi “zibil əleyhinə” qanunlar bu günə kimi işləyir.
Amerikanın Kalqari şəhəri də dünyanın təmiz şəhərlərindən sayılır. Burada yerə atılmış papiros kötüyünə, maşının pəncərəsindən tullanmış zibilə görə min dollar həcmində cərimə tətbiqi şəhərin təmizliyinə gətirib çıxarmışdır.
Amerikanın Corcia ştatında pəncərədən çölə tüpürənlər bir neçə yüz dollar həcmində cərimə ödəməlidirlər.
Avstriyada keçən ildən etibarən ictimai yerdə boş şüşə qoymağa görə 90 avro cərimə tətbiq olunur. Ev heyvanlarını gəzintiyə çıxaranlar onların tullantılarını yığışdırmasalar, cərimə ödəməli olacaqlar. Belə misalları çox gətirmək olar.
Dəfələrlə yazdığım, dönə-dönə dediyim təklifi bir daha Milli Məclisin deputatlarına xatırlatmaq istəyirəm: Respublikamızda əxlaq polisi adlı qurum yaratmağın vaxtı çoxdan çatıb. Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən, ölkə büdcəsinə xeyir gətirən bu cür qurum olmasa, nadanlar şəhərimizin imicini pozmaqda davam edəcəklər.
Bəzi insanların dünyagörüşünü yalnız gözəl, yaraşıqlı parklar salıb onların ixtiyarına verməklə dəyişmək mümkün deyil. Təmizliyə riayət etmək qanuniləşdirilməsə, onu pozanlar cəzalandırılmasa, bu sahədə cərimələr tətbiq olunmasa, nəyəsə nail olmaq mümkün olmayacaq. Bütün vicdanlı insanların ürəyindən olan bu məsələ ilə bağlı qanun qəbul olunmalıdır. Milli Məclis öz qəti sözünü deməlidir!