Poeziya

Olay

 

İndiki zamanda cismim yaşayır,

Keçmişim əbədi ruhumdadır, bil.

Öyrəşə bilmirəm indiyə heç cür,

Bu dövran başqadır, mən deyən deyil.

 

İndiki axınla axa bilmirəm,

Sellərim nə bərə, nə bənd tanıyır.

Niyə hamı kimi ola bilmirəm?

Qoca da, cavan da məni qınayır.

 

Qaldı o illərdə nəyim vardısa,

İndi nə qalıbdı, qəmdən savayı?

Cığırlar dolanbac, yollar dolayı,

İnsanlar var yığır, çapır, talayır,

Çoxu bir-birini sancır, dalayır.

Hər yanda ədavət meydan sulayır,

Kim isə kiməsə quyruq bulayır.

Günbəgün böyüyür yalan halayı.

İndinin heç nəyi qəlbimə yatmır,

Bəs necə dəyişim mən bu olayı?


Sayt A2Studio tərəfindən yaradılıb