Poeziya

Yol ayrıcında

Tutulub göy üzü, duman tövşüyür,

Ağaclar yollara xəzan döşəyir.

Soyuqdan titrəyir, canım üşüyür,

Qalmışam küləklə yel ayrıcında.

 

Əsəndə üstümə bir qəmli nəsim,

Hanı məni duyub anlayan kəsim?

Mən kimdən inciyim, mən kimdən küsüm?

Qalmışam  obayla el ayrıcında.

 

Deyəsən havalar  ayaza gedir,

Saçımın qarası bəyaza gedir.

Ömrümün ümmanı dayaza gedir,

Qalmışam ay ilə il ayrıcında.

 

Dünya başdan-başa oyundur, gülüm,

Hər tora saldığın ovundur, gülüm,

Dərdliyəm, gəl məni ovundur, gülüm,

Qalmışam taleyin yol ayrıcında.

 


Sayt A2Studio tərəfindən yaradılıb