Poeziya
ÜlfətBir az qəribəyəm, bir az qəribəm, Fikirə, xəyala meyilliyəm mən. Özüm də bilmirəm, niyə, nə üçün Ömrümdən bu qədər gileyliyəm mən?
Bir az kədərliyəm, bir az həzinəm, Kövrəlib doluram bəzən heç nədən. Anlaya bilmirəm kimdir, nəçidir Halımı bu qədər pərişan edən?
Bir az fərəhliyəm, bir az nəşəli, İçimdə bir dəli istək dolaşır. Bir gizli arzunun gizli ocağı Qəlbimdə xəlvəti yanır, alışır.
Bir az sevdalıyam, bir az atəşli, Üzümdən, gözümdən səadət yağır. Bir az vüsallıyam, bir az hicranlı, Bir yandan həsrətim açır min cığır.
Bir az söhbətciləm, bir az da dinməz, Kiməsə səhrayam, kiməsə dəniz. Nədənsə razıyam, nəyəsə möhtac, Kiməsə yadam mən, kiməsə əziz.
Bir az özümünəm, bir az özgənin, Bəzən yada doğma, doğmaya yadam. Həm həssas qəlbliyəm, həm daş ürəkli, Gah qeyri-adiyəm, gah adi adam.
Qəribə işlərim o qədərdir ki… Onlardan sənə söz açmadım hələ. Hər nəyəm, beləyəm, buyam əzizim, Məni olduğum tək sev, qəbul elə. |