Poeziya
Apar
Cabahlara doğan günəş, Gəl bu dəfə yolunu az. Ürəyimin içindən çıx, Üşütməsin məni ayaz.
Ey dağ baba, üşüyürəm, Sazaq məni bürüyəcək. Zirvəndəki o qar kimi, Qəmim haçan əriyəcək?
Ey dağ çayı, söylə mənə, Yolun hardan hayanadır? Dinlə məni, eşit məni, Sözüm məni duyanadır.
Dağ döşündə açan çiçək, Mənə bir az sevinc gətir. Daş bağlamış kədərimi Əridər bir incə ətir.
Hədər əsmə, ey dağ yeli, Ürəyimdən qəmi apar. Xatirələr karvanımdan Nələr gedər, nələr qalar... |