Poeziya
Şah dağıBu görünən Şah dağıdır, Çatdım daha muradıma. Heyrət dağı, "Pah" dağıdır, Şükür olsun yaradana.
Əzəmətdən duruşu şax, Kim deyir ki, ah dağıdır? Külək bəyaz buludları Gah gətirir, gah dağıdır.
Ey Şah babam, qoca dağım, Saxla məni qucağında. Qartal olub yuva qurum, Bir əlçatmaz bucağında.
Vaxtsız gəlmiş qonağınam, Ey tək qalmış qardaş dağım. Gəl dərdləşək, söhbətləşək, Ol mənimlə sirdaş, dağım.
Enişlərdən yorulanda Can atmışam zirvənə mən. Dağ olmağın sirrlərini Bircə - bircə aç mənə sən.
Ovut məni, toxtat məni, Sal boynuma qollarını. Öyrət mənə tufanlara Sinə gərmək yollarını.
Dözüm öyrət mənə, dağım, Şığıyanda şaxta, sazaq. Yalanlardan, yamanlardan Uzaq elə məni, uzaq.
İstəmirəm buludun tək Baş olmağı, boşalmağı. Bu sərt, bu sərp qayan kimi Öyrət mənə daş olmağı.
Sənə həmdəm bir daş olum, Qaldır məni o zirvənə. Heç olmasa, uca dağım, Bunu məndən əsirgəmə.
|