Poeziya

Qürbətdən gələn qonaq

 

Ey qürbətdən gələn ellim,

De, halın nədən pərişan?

Yadındamı, bu yerləri

Tərk eylədin sən o zaman.

 

Uzaq eldən gələn qonaq,

Xoşmu keçir söylə günün?

Doğman varmı, çağıranda

Gedib çatsın səsin, ünün?

 

Qərib yerdən vətən adlı

Qibləsinə dönən qonaq,

Bu torpağın hər qarışı

İndi sənə olub qınaq.

           

Vətənini darda qoyub

Uzaqlara gedən zaman,

Bağrı yara ana torpaq

Diləyirdi səndən aman.

 

Doğma yurddan yad diyara

Gözü yaşlı dönən qonaq,

Bilmirsənmi, övladını

Çətin gündə Vətən sınar.

 

İndi  sənin  hər şeyin var,

İndi sənin heç nəyin yox.

Sərhəddən  sərhəddə gedən

Ruhun acdır, cisminsə tox.

           

Ey qürbətə dönən qonaq,

Necə qəmli, pərişansan.

İnanmırsan, doğma yurda

Qayıdasan sən haçansa.


Sayt A2Studio tərəfindən yaradılıb