Poeziya
Qərib quşun nəğməsiUşaqlıqda anam mənə Bir əhvalat danışardı. Biri vardı, biri yoxdu, Adsız, qərib bir quş vardı.
Səhər-axşam o qərib quş, Oxuyardı həzin-həzin: "Yaxşı-pisin, pis-yaxşının, Pis-yaxşının, yaxşı-pisin".
Bu nəğməni kim eşitsə, Közsüz, odsuz alışardı. Yaxşı pisə qismət olar, Pis - yaxşıya qovuşardı.
Yaxşı pislə kədər yeyər, Pis yaxşıyla qəm içərdi. Bax, beləcə ömür ötər, Bax, beləcə gün keçərdi.
Bəzən quşun dili çaşar, Oxuyardı yana-yana: "Pis - pisindir, ey insanlar, Yaxşı çatsın yaxşısına".
Pis tapardı tez tayını, Qismətiylə barışardı, Yaxşı yara yaxşı yarı Allah! Necə yaraşardı!
Sonra o quş qayıdardı Yenə adi nəğməsinə: "Pis, hardasan? Yaxşını tap! Yaxşı yetsin öz pisinə!"
Anam belə danışanda, Qəm dolardı gözlərinə. Sehirlənib qarışardım O nəğmənin sözlərinə.
Düşünərdim gecə-gündüz: İnsafsız quş nədən belə, İnsanları qovuşdurur Bu qəribə bölgü ilə?
İllər ötür, o sualsa Qopmaq bilmir yaddaşımdan. Zaman keçir, yenə qoşa Yaşayacaq yaxşı-yaman. |