Poeziya
Sevincdən şeirlər doğulmaz
Sevincdən şeirlər doğulmaz, gülüm, Şadlıqdan, fərəhdən şeir göyərməz. Toxluqdan, varlıqdan, firavanlıqdan Kimsə söz toxumaz, şeir əyirməz.
Şeir qəmdən doğar, kədərdən doğar, Fikirdən su içər, boy verər misra. İlham qanadında çapanda könül, Elə bil yox olar, dağılar əsrar.
Bilməz qəm yükünün ağırlığını Ehtiyac bilməyən, ağrı çəkməyən. Bilməz məhəbbətin dərd olduğunu Qəlbinə ayrılıq çəni çökməyən.
Şeir də qayıqdır qəlb dənizində, Üzür, çata bilmir öz sahilinə. Hanı bir qüvvə ki ayıra bilsin Şair baş vuranda öz daxilinə.
Elə doğular ki, ürəkdə şeir, Əsər külək kimi, gələr yel kimi. Qəfil yağış kimi birdən başlayıb, Kəsər yolu, izi dəli sel kimi.
Şeirin də qışı var. Şaxta düşəndə Üşüdər dünyanı soyuq qarıyla. Arabir bahar tək ürək oxşayıb, Nələr bağışlayar, nələr barıyla.
Ötəri eşq kimi hərdən olur bu, Sonra adi günlər başlanır yenə. Yenə ilham çapır söz mənzilinə, Kədərdən qurulur yenidən binə.
Sevincdən şeirlər doğulmaz, gülüm, Şadlıqdan, fərəhdən şeir göyərməz. Toxluqdan, varlıqdan, firavanlıqdan Kimsə söz toxumaz, şeir əyirməz. |