Poeziya
Bir leysan yağışıyamOdumu, alovumu Soyutmaz qış nəsimi. Tufanlı, fırtınalı Ağlamaq həvəsimi Çin etmək istəyirəm.
İçimdə qəm daşlaşıb... Daşlarla yağam gərək. Onları ürəyimdən Atam, dağıdam gərək.
Görən onda əzabım Bitərmi, tükənərmi? Görən onda qəlbimdə Dan yeri sökülərmi?
Bitərmi başdan aşan Məzəmmətlər, tənələr? Yorularmı görəsən Söz üyüdən çənələr?
Görən haçan usanar Yalan evi hörənlər? Yalan əkib, cücərdib, Yalan barı dərənlər? Yalan baramasından Çıxan ağ kəpənəklər, İftiradan cücərib Uzanan boz tənəklər…
Qara yellər, küləklər, Qorxulu, pis kələklər… Bu yabançı ələklər Ələnib bitənəcən, Haqq taxta yetənəcən Ağlamaq istəyirəm.
Dönüb dəli şimşəyə Çaxmağım gəlir yaman. Bəndləri, bərələri Yıxmağım gəlir yaman. Bir leysan yağışıyam, Yağmağım gəlir yaman. Ağlamaq istəyirəm, Ağlamaq istəyirəm.
|