Poeziya
Qusarım
Salam, doğma Qusarım, Mənim əziz diyarım. Darıxmışam səninçün, Ay istəklim, ay yarım.
Nə vaxtdır aralıyam Sənin isti qoynundan. Ərköyün uşaq kimi Qoy sallanım boynundan.
Doğulub böyüdüyüm O ev qədər əzizsən. Şirin xəyallarımda Necə nurlu, təmizsən.
Səhər-axşam zümzümə Etsin Şahnabat çayı. Mənimçün bu nəğmənin Yoxdur əvəzi, tayı.
Yaşıl meşələrinlə Ovsunla məni yenə. Yalına, yamacına Vurulum dönə-dönə.
Xoş gördük, əziz ata, Ağrıların keçdimi? Maliklə Həzrədəki Bulaqdan su içdinmi?
Qəlbi geniş, şirin dil, Ay Hüriyyət, ay Gülşad, Sizinlə görüşəndə, Ürəyim olur gurşad.
Xoş gördük, ey igidlər, Salam, müdrik qocalar. Sizi gördüm, ötüşdü Canımdakı acılar.
Uca boylu, ağbəniz, Ay ləzgi gözəlləri, Sizə bənzər görmədim, Gəzdim neçə elləri.
Salam, ata-babamın Babasından qoca yurd. Mənimçün Şah dağının Özündən də uca yurd. Bütün arzularımın Zirvəsi - sən, başı - sən. Mənim yeddi arxamın Torpağı sən, daşı sən.
Anamın uyuduğu Əbədi məkan səndə. Torpağın olacağam, Bu dünyadan köçəndə.
Salam, doğma Qusarım, Mənim əziz diyarım. Darıxmışam səninçün, Ay istəklim, ay yarım. |