Poeziya

NƏ VAXTSA

 

Yüz ilmi, min ilmi bundan irəli,

Elə bil haçansa yaşamışam mən.

Dünyanın bu ağır kədər yükünü

Nə vaxtsa qəlbimdə daşımışam mən.

 

Bu həyat lap çoxdan tanışdır mənə,

Burda qəm göz yaşlı, fərəh nəşəli.

Avarsız qayıqtək çalxalanıram,

Bu gidi dünyaya yolum düşəli.

 

Bu dağın başına yenə qar yağıb,

Bu çəmən, bu çayır tanışdır nəsə…

Bu meşə yenə də sirrli, sehrli,

Quşlar nəğmə deyir yenə səs-səsə.

 

Bu bulaq gözündən su verib mənə,

Bu çayın suyunda çimər, çimərdim.

Bu qaya başına quş kimi qonar,

Bu döşdən, ətəkdən çiçək dərərdim.

 

Dəyişir yenə də illər, fəsillər,

Elə bil yenidən yaşanır ömür.

Yenə gecə gəlir gündüzdən sonra,

İnsanlar doğulur, yaşayır, ölür.

 

Sevgisi cavandır qoca dünyanın,

Görüşlər, vidalar qoşadır yenə.

Nə yaxşı, min illər əvvəlki kimi

Dünyanı məhəbbət yaşadır yenə.

 

Min illər ötəcək, yenə dünyaya

Kimlərsə gələcək yaşamaq üçün.

Bu gidi dünyanın kədər yükünü

Nə vaxtsa ömründə daşımaq üçün...


Sayt A2Studio tərəfindən yaradılıb