Poeziya
Arzu
Bir dəfə də gələydik Hamımız bu dünyaya. Bir ömrümüz dönəydi Qarışıq bir röyaya.
Gecə-gündüz bataydıq Neçə-neçə günaha. Beləcə düşünmədən Yol alaydıq sabaha.
Səhvlər buraxaydıq, Yanlış addım ataydıq. Bilərək ömrümüzə Ağrı-acı qataydıq.
Neçə-neçə vədlərə, Yalanlara uyaydıq. Aldanıb yamanlara, Yaxşılardan doyaydıq.
Dəyəydik tanışların, Doğmaların xətrinə. Bizi sevən kəslərin Bilməyəydik qədri nə?!
Həyatın mənasını Anlamadan beləcə, Bir kimsə tapmayaydıq, Dərdimizi böləcək.
Bax, beləcə illəri Yola salanda, axır, İtirib məcrasını Zaman keçəndə ağır,
Bu mənasız həyatdan Bezəydik, usanaydıq. Ömrün qürub çağında Səhvləri anlayaydıq.
Sonra… bir gün dünyaya Qayıdaydıq yenidən. Uyumuş arzuları Oyadaydıq yenidən.
Ağrı-acı bilmədən Yaşayaydıq doyunca. Heç günah etməyəydik Bir də ömür boyunca.
Şirin, dadlı xəyala Dönəydi həyatımız. Usanmaq bilməyəydi Ömür-gün saatımız.
...Kaş qayıdaydı insan Bir dəfə də dünyaya. İnanmaq istəyərdim Mən bu şirin röyaya... |