Poeziya
Doğmalar
Kirpiyim qovuşmur, gözüm yumulmur, Bir ağrı qəlbimi dağıdır, didir. Bu dərdli halımı nə kimsə görür, Nə də qəribliyim əl çəkib gedir.
Xətrimə toxundu bir doğmam mənim, Qəlbimi sındırdı o, bilə-bilə. Köksümə sağalmaz bir yara vurdu, Üstündən duz basdı o, gülə-gülə.
Bu da bir qismətdi, doğmalarımdan Mənə ömrüm boyu ağrılar çatır. Sonra qərq oluram qəm dəryasına, Fikirlər aylarla başımı qatır.
Özgədən elə bir xətər toxunmaz, Özgə evmi yıxar, qəlbmi ağrıdar? Çağırsam, hər ötən haraya yetər, Nə könül dağlayar, nə göz ağladar.
Nələr çəkməmişəm yaxınlarımdan... Bunu mən bilirəm, bir də yaradan. Ağrını, acını unutmaq üçün Dözümü bilmirəm alım haradan.
Özgələr adamı yandırıb yaxmaz, Özgədən adama bir pislik gəlməz. Doğmanın doğmaya elədiyini, Yüz düşmən yığılsa, eləyə bilməz. |