Poeziya

Vətən

Hər yurdun öz havası,

Hər elin öz avazı.

Hər quşun öz yuvası-

Ona deyilər vətən.

 

Şehdi o, çəndi o,

Canımızla təndi o.

Qibləgah axtarmayın,

Anamız vətəndi o.

 

Yüz dəfə deməklə can,

Kəsilməz yarada qan.

Sən onun oduna yan,

Onda öyünər vətən.

 

Yandırsan sobasını,

Hər kiçik obasının,

Öz bayram libasını

Onda geyinər vətən.

 

Uca tutaq adını,

İtirməyək dadını.

Hər igid övladının

Döyünən qəlbi -  vətən.


Sayt A2Studio tərəfindən yaradılıb