Poeziya

Nigaran

İndiki ağılla, indiki qəlblə

Yenidən dünyaya gəlsəydim əgər,

Bu yaşı bilinməz ömür evinə

Niyə gəldiyimi bilsəydim əgər,

 

Mən nələr etməzdim, nələr, ah nələr,

Mənasız günləri ömrümdən silər,

Ağrılar üstündən addımlayardım,

Xoşbəxt günlərimi salamlayardım.

 

Bu həyat adlanan zaman yolunu

Bir qədər səbrlə keçə bilsəydim,

Yalanı doğrudan, yaxşını pisdən,

İnsanı adamdan seçə bilsəydim,

 

Günlərim narahat keçməzdi belə.

Eh, bütün bunları mən bilə-bilə,

Səhvlər içində azıram bəzən,

Ayağım altında dağ olur düzən.

 

Yenidən dünyaya gəlsəydim əgər…

Görəsən mən kimə oxşardım onda?

Kimə könül verib könlünü alar,

Kimi əzizləyib oxşardım onda?

 

Yenidən dünyaya gəlsəydim əgər…

Dünya öz yerində olardı görən?

Bu həyat, bu ömür, bu qəm, bu sevin

O vaxt da dünyada qalardı görən?

 

Qocalar tədbirli, yaşlılar həlim,

Cavanlar gözəllik, eşq həvəsində.

Uşaqlar çağlayan gur şəlalələr,

Körpələr həyatın saf nəfəsində.

 

Adicə qayğılar, adicə günlər,

Görüşlər, vidalar, bəzən gileylər

Olacaq görəsən o vaxt dünyada?

Qalacaq görəsən o vaxt dünyada?

 

Yaxşı da, yaman da həmişə qoşa,

Sevgi, nifrət ilə girib yarışa.

Xeyir-şər elə bil verib baş-başa

Bu qoca dünyada, ulu dünyada.

 

Yenidən dünyaya gəlmək istəyim?

O zaman dünyadan nələr istəyim?

…Elə bil az imiş dünyanın dərdi,

Elə bil bizim tək gəldi-gedərdi.

 

Div kimi şüşəyə salınıb canı,

Düymələr izləyir indi cahanı.

Bəşər övladının nədir niyyəti?

Niyə hədələyir bəşəriyyəti?

 

Dünya fikirlərin məngənəsində,

Ürəklər narahat, gözlər nigaran.

İntizar içində, qorxu içində

Hər yeni səhəri gözlər nigaran.


Sayt A2Studio tərəfindən yaradılıb